Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Toğrul Soruşur Yazılma Tarixi:27.01.2018 19:36:42

Salam. Mən orta məktəbi bitirdikdən sonra 2006-cı il tarixdə Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasına daxil olmuş və 2011-ci ildə həmin xüsusi təhsil müəssisəsini bitirmişəm və 2012-ci il tarixədək DİO-da müxtəlif vəzifələrdə çalışmışam. Hal-hazırda DİO-da ximətimdən öz arzumla xaric edilmişəm. Yaşadığım rayonun SHXÇİ-dən bələ bildiriblər ki, yaxın zamanlarda sizi hərbi xidmətə çağıracaqlar. Bununla bagli bəzi hüquq normalarına doqqət yetirdim.Belə görünür ki,qanunun hansı hallarda geriyə qüvvəsinin olması barədə nüans nəzərinizdən qaçmışdır. Normativ hüquqi aktlar haqqında AR qanununa görə vətəndaşın vəziyyətini yaxşılaşdıran halda qanunun geriyə qüvvəsi mümkün olur.Lakin bu faktla bağlı qanunun geriyə qüvvəsinin şamil edilməsi qeyri-qanunidir. Çünki həmin halda bizim vəziyyəyimiz yaxşılaşmır,əksinə pisləşir.Həmçinin,biz 5 il hərbi qaydalarla idarə olunan ali təhsil müəssisəsində təhsil almışıq və hərbi xidmətimiz təhsil aldığımız dövrlə əhatə olunur.Təhsilimizi bitirdikdən sonra isə müvafiq orqan bizi hərbi biletlə təmin etməlidir. Odur ki,xahiş edirəm qanunun geriyə qüvəsini və bitirdiyimiz ali təhsili nəzərə alaraq zəruri qanuni qərarın qəbul edilməsinə köməklik edəsiniz.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 3.2-ci maddəsinə əsasən,  Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən,  hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 23 sentyabr tarixli 739 nömrəli Sərəncamının 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedralar yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 465 nömrəli Fərmanına əsasən,  “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 5.3.13-cü yarımbəndində “xüsusi rütbələr” sözlərindən sonra “, Polis Akademiyasının məzunlarına ilkin zabit hərbi rütbəsi” sözləri əlavə edilmişdir. Azərbaycan Respulikası Kostitusiyasının 149-cu maddəsinin VII hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Yuxarıda qeyd olunanlara əsasən, 2018-ci ilədək Daxili İşlər Nazirliyinin Polis Akademiyasından məzun olmuş və daxili işlər orqanlarından qulluqdan (xidmətdən) xaric edilmiş, həqiqi hərbi xidmət keçməmiş 35 yaşınadək şəxslər çağırışçı kimi qeydiyyata alınır və qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçmək üçün çağırışa cəlb edilirlər.
Çiraq Soruşur Yazılma Tarixi:27.01.2018 14:06:19

Salam, mən univeriteti qutarıb zabit( nikadr) kimi hərbiyə getmək istəyirəm. Buna görə hara müraciət etməliyəm. Bununla bağlı mənə ətraflı məlumat yazın zəhmət olmasa. Diqqətiniz üçün təşəkkür edirəm.

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinin “q” bəndinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə  hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi  rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar könüllü daxil ola və qəbul edilə bilərlər. Zabitlərin həqiqi hərbi xidmətinə daxil olmaq istəyinizlə bağlı müddətli həqiqi hərbi xidmət keçəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur. 
Elnur Soruşur Yazılma Tarixi:26.01.2018 21:10:34

Mən 2016 cı ildə magistraturaya qəbul olduğum üçün hərbi xidmətdən möhlət hüququ almışam. Bu il təhsilimi bitirib doktoranturaya iimtahan verəcəyəm. Lakin doktoranturaya qəbul imtahanları növbəti ilin fevral, mart aylarında olur. Mən iyulda magistraturanı bitirəcəyimə görə arada qalan 6 ay mənə imtahan vermək üçün imkan veriləcəkmi?

Müraciətinizlə əlaqədar bildiririk ki, ali təhsil müəssisəsinin doktorantura  səviyyəsinə qəbul imtahanlarında iştirak etməyiniz barədə hər hansı sənədi Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra barənizdə qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilə bilər. 
Bəsdi Soruşur Yazılma Tarixi:26.01.2018 12:03:20

Salam. Oğlum Qasımov Xalik Ələkbər oğlu .2017-ci ilin yanvar ayında Şəmkir hərbi komissarlığından hərbi xidmətə gedib. 10 ay Ağcabədi rayonu 930nömrəli hərbi hissədə qulluq edib. 2017ci ilin sentyabrında təlim vaxtı dağdan yıxılıb ağır xəsarət alıb. Uşağımı koma vəziyyətində Gəncə Qospitalına aparıblar,neçə gün orda komada yatıb bizə xəbər etməyiblər. Sonra Papaninə göndəriblər gəlib görürəm ki, burnu sınıb,başından travma alıb.qabırğaları sınıb.2ay qospitalda yatıb.Xəstəliknən uşağımı şikəst edib buraxıblar evə indiyə kimi ayaqüstə dura bilmir.Səhhəti çox pisdi.Özünü pis hiss edir.Yataq vəziyyətindədir. Bir yandan da Şəmkir vayonkomatı Bakıya xəstəxanaya göndərmək üçün çağırır.Mənim uşağımın halı pisdir. Heç ayaqüstə dayana bilmir necə göndərim onu Bakıya.Xəstəlik Şəhadətnaməsi var. Yazılıb TRAVMADIR,HƏRBİ XİDMƏT DÖVRÜNDƏ OLUB.Xahiş edirəm bu məsələyə baxasınız.Əvvəlcədən Təşəkkürlər.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına göndərdiyiniz müraciət araşdırılmışdır. Bildiririk ki, səhhəti ilə əlaqədar müddətli həqiqi hərbi xidmətdən vaxtından əvvəl tərxis olunmuş övladınız, 1998-ci il təvəllüdlü Qasımov Xalik Ələkbər oğlunun yaşadığı ünvanda rayon hərbi həkim komissiyasının ixtisas həkimləri tərəfindən baxışı keçirilməsinə dair Xidmətin Şəmkir rayon şöbəsinə müvafiq göstəriş verilmişdir. 
İsmayıl Soruşur Yazılma Tarixi:26.01.2018 11:09:51

Salam.Təkxayalılıq zamanı iki hal olduğu barədə məlumatım var( andangəlmə və əməliyyat nəticəsində) .Bu hallardan hansı hərbi xidmətə yararlıdır.Zəhmət olmasa cavablandırardınız. Öncədən təşəkkürlər.

Bir xayanın anadangəlmə, xəstəliklərə (qeyri-spesifik və xoşxassəli xarakterli), yaralanmalara və ya digər zədələnmələrə görə çıxarılmasından sonrakı yoxluğu hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə (hava-disant ixtisasından başqa) və hərbi liseylərə daxil olmağa mane olmur.
Rəsul Soruşur Yazılma Tarixi:25.01.2018 23:34:13

Salam. Təhsillə əlaqedar hərbi xidmətdə olmayan şəxsə, buna görə ölkədən çıxışına qadağa qoyulurmu?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olan vətəndaşlara möhlət hüquqları qüvvədə olan müddətdə sərhədkeçməyə məhdudiyyət qoyulmur.   
Orxan Soruşur Yazılma Tarixi:25.01.2018 20:54:58

Men herbi xidmete hara düşeceyimi ve ne vaxt gedeceymi öyrenmek isteyirem

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Fuad Soruşur Yazılma Tarixi:25.01.2018 14:52:25

Salam 2002-ci ildən mənə sol bud çanaq oynağının funksiyasının pozulması ilə əlillik verilmişdir.2016-cı ildən isə 3-cü qrup müddətsiz əlillik verilib.Buna baxmayaraq Şəki Şəhər Hərbi komissarlığından mərkəzi çağırış komisayasına göndərilmişəm ancaq orda mənim şikayətlərimə əhəmiyyət verməyərək mənim hərbi xidmətə yararsız protokolumu ləğv edib yararlıdır əmri verilib.Mən hərbi komisarlığa ərizəylə müraciət etdim ki,mənə yenidən komissiya təşkil olunsun.Ancaq onlar isə məni təzədən əlilliyimə təkrar baxılmasına göndərdilər. Bu nə dərəcədə doğrudur? Xaiş edirəm sualımı cavablandırasınız.

Bildiririk ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, nəzarət qaydasında 24.10.2017-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisiniz. Nəzərinizə çatdiririq ki, əlillik qrupları, əlilliyin, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Bu səbəbdən əmək qabiliyyətinin müəyyən edilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaşadığınız ərazi üzrə tibbi-sosial ekspert komissiyasına müraciət etməyiniz məqsədəuyğundur. 
Əli Soruşur Yazılma Tarixi:25.01.2018 12:24:26

Hərbi xidmətin müddətinin 2 il olması dogrudur

Bildiririk ki, Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər.
Rövşən Soruşur Yazılma Tarixi:24.01.2018 23:52:03

Salam.Mən Şükürov Rövşən 10.09.1996. 2017ci ilin may ayında herbi komisyadan keçdiyim zaman 2 ci dərəcəli skalyoz və ürək döyüntüm çox olduğuna görə mənə 6 ay möhlət verildi.Noyabr ayında qeyd etdiyim xətəliyə görə mənə yenidən 6 ay möhlət verilir. Mənim hərbi xidmətə yararlı olub,olmayacığım haqqında dəqiq məlumat nə zaman bəlli olacağ?

Müalicə üçün verilmiş möhlət hüququ bitdikdə, Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilərək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul ediləcəkdir. 
Cədvəldə sətir sayı :14891