Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Tamerlan Soruşur Yazılma Tarixi:07.02.2020 12:35:27

Salam mən noyabrda ayında tiroid vəzi əməliyyatı yəni qalxanvari vəzi əməliyyatı olmuşam və dərman qəbul edirəm.Bilmək istəyirdim ki mən bu şərtlər altında əsgər getməyim mümkündü? və yaxud mən əsgərlikdə dərman qəbul edə bilərəm gündəlik? Bu dərmanın istifadəsi məcburidi hələki ama dərman həkim rəyindən və analizlərdən asılı olaraq dayandırıla da bilər. Zəhmət olmasa sualı tam cavablandırardız

Cərrahi xəstəliklərə görə aparılmış operativ müdaxilələrdən sonra fəsadlaşmalar olmadıqda, müalicə müəssisəsindən çıxarıldıqdan sonra hərbi xidmətə çağırış zamanı vətəndaşların 6 (altı) ay müddətinədək müvəqqəti yararsızlığı haqqında qərar çıxarılır.Möhlət hüququ bitdikdə çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Rasim Soruşur Yazılma Tarixi:06.02.2020 17:41:25

Salam.yazib sizden oyrenmek istiyerdim.Menim 40 yaşım var.35 yaşa kimi 14 b maddesi ile sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmuşam.Bu yaxınlarda qeydiyyatda oldugum dispanserdən muayinədən keçdim və tam saglam olduğum haqda baş həkimin və həkimlərin təsdiqi ilə sağlamlıq kağızi almışam və qeydiyyatdan cixarılmişam.Bilmək istiyərdim ki 40 yaşımda saglam olduğum ücün yararlı hərbi bileti ala bilərərəm?

Portala daxil olan müraciətinizlə bağlı bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Əlavə edirik ki, mövcud qanunvericiliyin tələblərinə əsasən hərbi bilet yalnız etinasız saxlanılması nəticəsində korlandığı və ya itirildiyi halda, inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsi) tələb olunan sənədlər əsasında hərbi vəzifəlinin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin struktur bölmələri tərəfindən yeni hərbi bilet verilir.
Səlim Soruşur Yazılma Tarixi:05.02.2020 12:06:30

Salam mənim haqqimda qərar ne yerdə qaldi? Mən hərbi biletimi nə vaxt götürə bilərəm?

Qeyd etdiyiniz  məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyyə olunur. 
Mehman Soruşur Yazılma Tarixi:04.02.2020 15:44:52

Salam Mənim haqqımda qərar nə yerdə qaldı ?

Bildiririk ki, müraciətinizin araşdırılması üçün özünüz və müraciətinizin mövzusunu  barədə ətraflı məlumat verməyiniz zəruridir. 
Kənan Soruşur Yazılma Tarixi:04.02.2020 12:08:07

Salam. Hərbi biletimi itirmişəm. Onunla bağlı elektron müraciət etdim. Hansı halda elektron müraciətə baxılmır və yaxud geri çevrilir. Mənə qeyd olundu ki, 14 gün ərizində baxılacaq. Ondan tez baxılma etimalı varmı? Mənə işə düzəlməyim üçün təcili lazımdır

Portala daxil olan müraciətinizlə bağlı bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən hərbi bilet etinasız saxlanılması nəticəsində korlandığı və ya itirildiyi halda, inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsi) tələb olunan sənədlər əsasında hərbi vəzifəlinin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin struktur bölmələri tərəfindən yeni hərbi bilet verilir.  Qeyd: İtirilmiş və ya korlanmış hərbi biletin əvəzinə yeni hərbi biletin verilməsi üçün hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin yerli idarə, şöbə və  bölmələrinə şəxsən müraciət etməyiniz məqsədəuyğundur.
Arif Soruşur Yazılma Tarixi:04.02.2020 01:13:46

Salam men talasemi minör dawiyicisiyam.Yeni sizin bildiyiniz kimi sehetimde hec bir problem yoxdu. Butun xarici olkelerde talasemi minörler herbi xidmetde edb butun dovlet orqanlarinda iwlediyi halda meni niye herbi xidmete yararsiz hesab edirsiz???

Nəzərinizə çatdırırıq ki, hərbi xidmətə yararlılıq kateqoriyasından narazı olan vətəndaşlar barələrində çıxarılmış qərara yenidən baxılması məqsədilə ərazi üzrə məhkəmə orqanlarına müraciət edə bilərlər.
ŞAHMAR Soruşur Yazılma Tarixi:03.02.2020 23:11:30

Salam. Çağırıçı ailənin tək övladıdırsa və atası yaşa görə pesiyada, anası şəkər xəstəsi olan evdar qadındırsa, həmin şəxsin həqiqi hərbi xidmətə çağırışla bağlı hansı güzətləri var? Xahiş edirəm cababı E-mail gödərin.

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət  “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələblərinə əsasən verilir.  Eyni zamanda qeyd edirik ki, ailənin tək övladları həqiqi hərbi xidmətə çağırışa cəlb olunurlar və xidmətə göndərilən zaman onlara hər hansı güzəştin şamil edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Əfqan Soruşur Yazılma Tarixi:03.02.2020 11:04:02

Salam..Skaliyoz xəstəliyi olan çağırışçılarla bağlı qanun necedi?

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66-cı maddəsinin I qrafasının tələblərinə əsasən skoliozun və funksiyasının pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Kamran Soruşur Yazılma Tarixi:02.02.2020 23:26:21

Salam merkezi herbi hekim komissiyasi menim haqqimda hansi qerari tesdiq etdi?Zehmet olmasa bildirerdiz

Məlum olmuşdur ki, Siz şəxsi işiniz ilə birgə 12.02.2020-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən barənizdə qərar qəbul ediləcəkdır. 
Süleyman Soruşur Yazılma Tarixi:02.02.2020 00:02:17

Salam.Mən iqtisad universitetini bitirmişəm.Səfərbərlikdə zabit kimi işləyə bilərəmmi?Zəhmət olmasa cavablandırın.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14890