Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
SAMİR Soruşur Yazılma Tarixi:10.02.2025 19:08:05

Salam . Azərbaycan vətəndaşı uşaqlıqdan xaricdə yaşayır və təhsil alır. O, tezliklə təhsilini başa vurub vətənə qayıtmalıdır, qanuna görə xidmət etməlidir . Lakin onun himayəsində Azərbaycan vətəndaşı olmayan üç azyaşlı uşağı var. Zəhmət olmasa, onun bu halda möhlət ala biləcəyinə aydınlıq gətirin. Əgər o, möhlət hüququna malikdirsə, səfərbərlik və hərbi xidmətə çağırış xidmətinə hansı sənədləri təqdim etməlidir?

Xaricdə yaşayan və təhsil alan, həmçinin himayəsində Azərbaycan Respublikasının vətəndaşı olmayan 3 azyaşlı övladı olan Azərbaycan Respublikası vətəndaşının hansı halda çağırışdan möhlət ala biləcəyinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra Xidmət) daxil olmuş elektron müraciətinizə baxılmışdır.           Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.2-ci maddəsinə əsasən 3 və daha çox uşağı olan çağırışçılara ailə vəziyyətinə görə möhlət verilir. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 30 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər.           Müraciətinizdə qeyd olunanları nəzərə alaraq, ailə vəziyyətinə görə möhlət hüququnun təmin edilməsi məqsədilə qeyd etdiyiniz şəxsin yaşayış yeri üzrə Xidmətin strukturuna daxil olan aidiyyəti qurumuna müraciət etməsi tövsiyə olunur.  
Sahib Soruşur Yazılma Tarixi:10.02.2025 16:51:38

Salam mən işə qəbulla bağlı lazım olan sənədləri( müraciət, ərizə, anket, tərcümeyi-hal, təhsil haqqında sənəd) göndərmişəm. Son nəticə ilə bağlı necə məlumat ala bilərəm.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş 10.02.2025-ci il tarixli müraciətinizə baxılmışdır.               Nəzərinizə çatdırırıq ki, müraciətinizlə bağlı Sizə 15.02.2025-ci il tarixdə elektron poçt ünvanınıza rəsmi cavab göndərilib.               Nəzərə almağınızı xahiş edirik.  
Fuad Soruşur Yazılma Tarixi:10.02.2025 16:46:58

Salam, 06.02.1995-ci ildə doğulmuşam və Mənim 30 yaşım tamam olub. Cənab prezidentin təsdiqlədiyi yeni qanunvericiliyə əsasən mən hərbi xidmətə çağırılacam ya yox?

30 yaşı tamam olmuş şəxslərin müddətli həqiqi hərbi xidmətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır.            Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2024-cü il tarixli 111-VIIQD nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 20.3-cü maddəsinə edilmiş dəyişikliyə əsasən, “dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı” hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşına (əvvəllər 35 yaşına) çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.                    Odur ki, 30 yaşı tamam olmuş şəxslərin müddətli həqiqi hərbi xidmətə cəlb olunmaları mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Rusif Soruşur Yazılma Tarixi:10.02.2025 13:36:20

Salam.Mən Azərbaycan respublikasına xidmət etmək istəyirəm yaşım 32 mənim bu yaşda xidmətə qəbul olmağım mümkündür yoxsa mən isdəyən orqanın səlahiyyəti çərçivəsindədirmi məni qəbul etmək.

Həqiqi hərbi xidmətə qəbul edilməyinizə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş elektron müraciətinizə aidiyyəti üzrə baxılmışdır.    Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar, həmin qanunun 36.1.3-ci maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Göstərilənləri nəzərə alaraq, sözügedən məsələ ilə bağlı xidmət keçmək istədiyiniz aidiyyəti dövlət orqanına və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Pərvin Soruşur Yazılma Tarixi:10.02.2025 13:06:06

Salam bağışlayın narahatliga göre Müddətdən artıq hərbi xidmət qəbul olmaq üçün yaş həddi neçəyə qədərdi. Hərbi xidmədde olmuşam Vətən Müharibəsindən olmuşam

Cavab: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş 10.02.2025-ci il tarixli müraciətinizə baxılmışdır.               Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular üçün həqiqi hərbi xidmətdə olmağın son yaş həddi –48 yaşdır.  
Firidun Soruşur Yazılma Tarixi:10.02.2025 10:39:57

Salam. Zəhmət olmasa, yekun tibbi yoxlanışın cavabını bilmək istəyirdim.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı əlavə müayinələrə cəlb olunmusunuz. Dövlət tibb müəssisələrinin təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”larına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinəyə cəlb olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
İlkin Soruşur Yazılma Tarixi:10.02.2025 02:23:56

Salam Sumqayıt vaynkamatında qeydiyyatdayam bütün tibbi müayinelerden keçmisem axırıncı keçdiyim bakı travmatologiya ve ortopediya instutunda yastıpencelikle bağlı müsbət rəy verdilər 1.87 boyum var ve orada mənə dedilər ki milli qvardiya ve polislikə uyğunsan bütün müayinələr sağlam çıxıb rentgen rəyin bildirən həkimdə yastıpəncəliklə bağlı müsbət rəy verib bilmək istərdim hərbi xidmətə yararlıyam? çünki bütün muayinelerin cavabi müsbetdir artıq dərəcədə xais edirəm cavablayarsınız

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytına ünvanladığınız elektron müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz Xidmətin Sumqayıt şəhər baş idarəsi tərəfindən təkrar tibbi müayinələrə cəlb olunmusunuz. Sizin əlavə və mütləq müayinəniz yekunlaşdıqdan sonra barənizdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin            I qrafasına uyğun olaraq qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Orxan Soruşur Yazılma Tarixi:10.02.2025 01:40:48

Salam. 3 illik yararsız hərbi bileti verilib. Diaqnozda dəyişiklik olsa vaxtından əvvəl xidmətə yollanmaq olar? Olarsa hara müraciət etmək lazımdır?

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 6.3 bəndinə əsasən hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilə bilərlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin 20.3 bəndinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşa çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.    
Gülmurad Soruşur Yazılma Tarixi:09.02.2025 21:30:41

Salam. Muradov Gülmurad Güloğlan oğlu, 2 ay öncə həkim komissiyasından keçib. Amma hələ də bir cavab almayıb. Hərbi xidmətə yararlıdır ya yox bilmək olarmı?

Bildiririk ki, Sizin 07.01.2025-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinəniz aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci     il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsız” hesab edildiyinizdən 24.07.2025-ci il tarixədək möhlət hüququ almısınız. Möhlət hüququnuz bitdikdən sonra yenidən tibbi müayinəyə cəlb olunacaqsınız.
Kazım Soruşur Yazılma Tarixi:09.02.2025 15:06:16

30 yanvar 2025ci ildə yekun tibbi müayinədə oldum. Esosialın tətbiqində 3.2.2025 tarixi üçün cavab göndərilib qeyd olunub. Bu cavab nədir? Necə öyrənə bilərəm?

Bildiririk ki, Siz növbəti tibbi şəhadətləndirilməyə cəlb edilərək əlavə müayinəyə göndərildiyiniz dövlət səhiyyə müəssisələrində təyin edilmiş diaqnozlara uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət         Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən       “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.  
Cədvəldə sətir sayı :14890