Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Samid Soruşur Yazılma Tarixi:18.05.2016 02:16:40

Salam . mən 2010 cu ilde rayon hərbi xidmete cagirish menteqesinde qeydiyatdan kecmishem.Orada da sadece sethi yoxlanish olub ama shikayetlerimiz sorushulub mende olmadigini bildirmishem.Ama 2013 cu ilde tehkim olunma vesiqesini alanda uzerine mualiceye ehtiyaci var yazilib .Bilmek isteyirem universitetin 4 cu kursundayam meni 2016 iyul ayindaki cagirishda herbi xidmete aparacaqlar ya yox ?

Bildiririk ki, təhsilə görə möhlət hüququnuz bitdikdən sonra Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsi tərəfindən tibbi şəhadətləndirildikdən və öyrənildikdən sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Nurlan Soruşur Yazılma Tarixi:18.05.2016 00:31:00

Salam. Mən sizə burda 09.05.2016 tarixində yazmışdım, aşağıda cavablamısınız sualımı. Deyirsiniz 6 ay möhlət verilib, amma ki mənə nə möhlət verildiyi haqqında məlumat verilib, nə arayış, nə də ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəmə möhlət haqqında məlumat yazmayıblar. Və möhlət verildiyini belə deməyiblər ki, get müalicə ol flan xəstəliyin var. Xəstəliklərimi belə demədilər mənə. İndi bu nə deməkdir ki?

Möhlət hüququ bitdikdə Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Filurə Soruşur Yazılma Tarixi:18.05.2016 00:19:48

Salam menim oglum 1997 təvəllüdlü du ve 9 illik sehadet name ile kollece daxil olub ve tehsil alir tehsilini davam ettirmek ucun ali mektebe qebul olarsa sefer berlik mohled huququ verir? ( qeyd edimki kollecde oxuduguna gore seferberlik esgerlikden mohlet vermisdir 1 defe)

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verildiyi üçün oğlunuza qəbul imtahanlarında iştirak etmək üçün çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur. 
Sərxan Soruşur Yazılma Tarixi:17.05.2016 22:56:43

Salam Deyilenlere göre, eger 2 qardaşdan biri esgerdedise diger qardaş esgere getmir. Diger böyük qardaş geldikden sonra esgere gedir. Teşekkür.

Bildiririk ki, qardaşlardan biri həqiqi hərbi xidmətdə olarsa, digər qardaşa həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Xəyal Soruşur Yazılma Tarixi:17.05.2016 19:57:20

Salam.. Mən hərbi xitmətimi 01.10.2014-də bitirmişəm. SHXÇDX-dən mənə yeniden heç bir çagırırış gəlmiyib. Size sualım budur ki, Mən işimlə bağlı olaraq ölkədən çıxmaq istərsəm mənə hansısa məhtudiyyət qoyula biler? İndidən təşəkkürlər.

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununun  8-ci maddəsinə əsasən    :     
      8.1.1. səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədi ilə çağırış vərəqəsinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi `Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) şöbə və bölmələrinə gəlirlər;
8.1.2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) şöbə və bölmələrindən aldıqları səfərbərlik sərəncamlarında, çağırış vərəqələrində və vəzifəli şəxslərin əmrlərində qeyd olunmuş tələbləri yerinə yetirirlər;       
     Qanunun tələblərinə uyğun olaraq  əgər Sizə səfərbərlik sərəncamı verilmişdirsə  və ölkədə səfərbərlik elan olunarsa üzərinizə düşən vəzifələri yerinə yetirməlisiniz.
 
          Hal-hazırda səfərbərlik elan olunmadığı üçün Sizin xarici ölkələrə səfər etmənizə heç bir məhdudiyyət yoxdur.
samir Soruşur Yazılma Tarixi:17.05.2016 14:08:11

menim iyun ayinin 7si 6 ayliq mohlet huququm bitir, hepatit b saglam dasiyiciyam, nerimanov rayonunda qeydiyyatdayam. bilmek isteyiremki qanunla meni aparacaqlar esgerliye?

Nəzərinizə çatdırırıq ki,B virus hepatiti” virusunun aktivliyini müəyyən edilməsi üçün çağırışçılara 6 (altı) ay müddətinə  möhlət hüququ verilir. Möhlət hüququ bitdikdə çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Niyazi Soruşur Yazılma Tarixi:16.05.2016 23:42:15

Salam.hərbi xidmətə çağrilanların nəyə əsasən yerləşdirildiklərini bilmək istərdim? məsələn mən iyulda esgərə gedəcəm, mənim hara düşəcəyim necə necə bilinir?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla xüsusi kompüter proqramı vasitəsi ilə bölünür. Bu zaman çağırışçının antropometrik göstəriciləri (boy, çəki) onun təyin olunduğu  qoşun növünün tələblərinə cavab verməlidir.
Ramil Soruşur Yazılma Tarixi:16.05.2016 15:55:35

Salam.Mən 2015 ci ildə İqtisad Universitetini bitirmişəm. Hərbi qulluqda olmamışam.Bilmək istərdimki, Leytenant olmaq üçün neçə gün əsgər olmalıyam və neçə ay kurs kecməliyəm. Leytenant kimi vəzifədə neçə ay müddətində qulluq etməliyəm. 24 yaşım var.ailəliyəm. Leytenant olmaq istəyirəm .Təşəkkür edirəm

Bildiririk ki, ali təhsil müəssisələrini müvəffəqiyyətlə bitirmiş tələbələr bir il müddətinə həqiqi hərbi xidmətə çağırılırlar. Hərbi xidmət zamanı zabit hazırlığı kursuna qəbul üçün aidiyyəti üzrə xidmət etdiyiniz hərbi hissə komandirinə müraciət etməlisiniz. Nəzərinizə çatdırırıq ki, “Zabit hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi, kurslara qəbulun qayda və şərtləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. 
Fərhad Soruşur Yazılma Tarixi:16.05.2016 11:37:11

salam Eleykim.Men muddetden artig herbi qullugcu kimi Mudafie nazirliyinde, doyus bolgesinde xidmet etmek isdeyirem.amma tehsilim 9 illikdi.bu tehsille men muddetden artig herbi qullugcu kimi xidmet ede bilerem.cox xais edirem sualimi etrafli cavablandirasiz.ve men buna gore hara muraciet etmeliyem.mumkunse deqiq unvan deyin.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti (keçmiş Milli Təhlükəsizlik Nazirliyi), Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Elşən Soruşur Yazılma Tarixi:15.05.2016 16:21:07

Salam.mən 1995 təvəllüdəm.Azerbaycan Respublikasi Silahlı qüvvələrində Gizir kimi xidmət etmək istəyirəm.Sualım budur ki bunun uçun hara müraciət etməliyəm?Və istədiyim Hərbi Çastda xidmət etmək olarmı?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla) daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897